Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1800kv.m. sahəyə yığılmış plastik və taxta materiallar 500 kvadratmetr sahədə yanıb. Materialların qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Mənbə: AZƏRTAC