Kimya İnstitutu NASCO29-da təmsil olunub
Bakı, 1 noyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun nümayəndələri Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXIX Respublika Elmi Konfransında (NASCO29) iştirak ediblər. Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində bu ali təhsil ocağını təmsil edən 15 doktorant, dissertant və gənc tədqiqatçı elmi tədqiqatlarının nəticələrini təqdim ediblər. Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri, müəllim və doktorant Sevinc Həsənova “Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti” mövzusunda məruzə edib.“Funksional xassəli qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru İlahə Hüseynova “Halogenli gümüş argiroditləri əsasında bərk məhlulların sintezi və fiziki-kimyəvi tədqiqi”, laboratoriyanın kiçik elmi işçisi Albina Poladova isə “Cu₈SiSe₆-Ag₈SiS₆ sistemi: faza tarazlıqları və yüksək entropiyalı fazalar” mövzularında tədqiqatlarını təqdim ediblər.“Nanoelektrokimya və hidrogen enerjisi” laboratoriyasının kiçik elmi işçisi Samir Səfərov “p-tipli Ni-W-S/NF üçlü heterostruktur üzərində suyun elektrokatalitik parçalanması”, böyük laborant Nəzakət Əliyeva isə “Elektrokimyəvi üsulla çökdürülmüş InSb nazik təbəqələrinin struktur, morfoloji və elektrik xarakteristikalarının tədqiqi” mövzularında məruzə ediblər.
“Mühafizəedici və inhibitor xassəli üzvi birləşmələr” laboratoriyasının kiçik elmi işçisi Leyla Vahidzadə “1,1-bis(karboksimetiltio)-1-p-bromofeniletanın sintezi və antikorroziya xassələrinin tədqiqi”, “Müxtəlif funksiyalı polimer birləşmələr və yanacaq kompozisiyası” laboratoriyasının kiçik elmi işçisi Lamiə Kazımzadə isə “Allilkaprilatların butilmetakrilat və stirolla birgə polimerinin triboloji xassələrinin tədqiqi” mövzularını təqdim ediblər.“Biometrik katalizatorlar” laboratoriyasının elmi işçisi Gülşən Nəhmətova “Metanın hidrogen peroksid ilə biomimetrik katalizator üzərində birbaşa metanolla oksidləşməsi”, “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının elmi işçisi Nərgiz Rəhimli “Nikel əsaslı kompleksin sintezi və toluolun hidrogenləşməsi reaksiyasında katalitik xassələrinin tədqiqi”, “Heterogen kataliz” laboratoriyasının böyük elmi işçisi Günel Əzimova isə “Dəm qazının (CO) oksidləşməsi üçün mis ferrit əsaslı oksid katalizatorlarının ekoloji cəhətdən təmiz üsulla sintezi” mövzularında məruzə ediblər.“Əlvan və qara metal tərkibli mineral xammalın emalı” laboratoriyasının elmi işçisi Pərvanə Babaeyeva “Alunit şlamının kompleks emalı və faydalı komponentlərin çıxarılmasının elmi əsasları”, böyük elmi işçi Gülnar Alişanlı “Friedel duzu və alunit şlamından istifadə etməklə alüminat məhlulunun silisiumdan təmizlənməsi: Taquti üsulu ilə optimallaşdırma”, elmi işçi Aysel Muradova isə “Kobalt tərkibli tullantıların emal məhlullarından arsenin kristallik skorodit şəklində çökdürülməsi şəraitinin tədqiqi” mövzularını təqdim ediblər.“Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının mühəndisi Gülşən Qasımlı “N-benziliden-α-naftilaminin mis(II) asetat kompleksi - sürtkü-soyuducu mayelər və yanacaqlar üçün çoxfunksiyalı antimikrob əlavə kimi”, “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının kiçik elmi işçisi Könül Həsənova isə “Jelatin əsaslı gümüş nanokatalizatorların iştirakı ilə allil spirtinin selektiv oksidləşməsi” mövzularında məruzə ediblər.
Qeyd edək ki, iki gün davam edən NASCO29 konfransına 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub. Elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən hazırlanmış 1028 elmi iş qəbul edilib. Hibrid formatda təşkil olunan konfransda 504 nəfər əyani, 878 nəfər isə onlayn iştirak edib.
Elmi məruzələrdən 370-i əyani, 658-i onlayn formatda olmaqla 21 zalda, 104 elmi bölmə üzrə dinlənilib. Dinləyicilərlə birlikdə konfransın ümumi iştirakçı sayı 5000 nəfəri ötüb. Bu il NASCO29 konfransında tezisləri qəbul edilmiş doktorant və gənc tədqiqatçıların sayına görə elmi tədqiqat müəssisəsi arasında Kimya İnstitutu 2-ci yerdə qərarlaşıb. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Kaynak: AZƏRTAC