Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?
Berlin, 1 noyabr, AZƏRTAC Almaniyanın 30-dan çox şəhərini bürüyən gənclərin kütləvi etirazları oktyabrın 31-də gündüz saatlarında dinc xarakter daşısa da, axşam radikal qrupların müdaxiləsi ilə iğtişaşlara çevrilib. Ölkə daxilində və bütövlükdə Avropada dərinləşən iqtisadi və sosial problemlər fonunda baş verən bu hadisələr siyasi elitalar üçün siqnal xarakteri daşıyıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 31-də Almaniyada “Gen Z regelt” (Nəsil Z həll edir) hərəkatının çağırışı ilə ümumilikdə 30-dan çox şəhəri əhatə edən nümayişlərdə təxminən 160 minədək insan iştirak edib. Bu nümayişlər gənc nəslin mövcud siyasi və sosial-iqtisadi mühitə qarşı artan narazılığının ifadəçisinə çevrilib. Lakin aksiya təkcə küçə yürüşləri ilə məhdudlaşmayıb.
Bu, bütün Avropada müşahidə olunan daha dərin bir sosial böhranın konturlarını nümayiş etdirir. Artan inflyasiya göstəricisi, təhsil və sosial sahələrdə kəsintilər, yaşayış xərclərinin kəskin bahalaşması və məcburi hərbi xidmətin yenidən bərpası planları fonunda gənclər öz gələcəklərini təhlükə altında görürlər. Hərəkatın manifestində və mitinqlərdə səsləndirilən şüarlarda əsasən məktəblərə, asılılıqların aradan qaldırılmasına və psixoterapiya xidmətlərinə daha çox vəsaitin ayrılması, artan yaşayış xərcləri fonunda əlçatan həyat şəraitinin təmin edilməsi, büdcə yükünün azaldılması, hərbi xərclərin artırılmasına və məcburi hərbi xidmətin bərpasına “yox” deyilməsi, təxirəsalınmaz iqlim siyasətinin həyata keçirilməsi məsələləri qabardılıb.
Gündüz saatlarında Berlin, Frankfurt, Köln və Hamburq kimi şəhərlərdə tamamilə dinc məcrada təşkil olunan nümayişlər, axşam saatlarında kənar radikal qrupların və kütləvi asayişi pozan ünsürlərin müdaxiləsi ilə gərginləşib. Xüsusilə Frankfurt və Köln şəhərlərində baş verən iğtişaşlar, mağazaların talan olunması və polislə qarşıdurmalar aksiyanın ilkin məqsədinə kölgə salıb.
Aksiyanı təşkil edən “Gen Z regelt” təşəbbüsü dərhal rəsmi bəyanat yayaraq hər cür zorakılıqdan uzaq olduğunu və bu əməllərin hərəkata aidiyyatı olmadığını bildirsə də, baş verənlər siyasi müstəvidə ciddi debatlara yol açıb. Ölkənin rəsmi şəxsləri və siyasi xadimləri baş verən iğtişaşları pisləməklə yanaşı, cəmiyyətdəki sosial narazılıqların varlığını da dolayısı ilə etiraf ediblər.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt “Bild” nəşrinə açıqlamasında polisin operativ fəaliyyətini yüksək qiymətləndirərək küçələrdəki xaosun qarşısının vaxtında alındığını bildirib. Nazir bu cür hüquqpozmalara qarşı qanun çərçivəsində sərt tədbirlərin görüləcəyini vurğulayıb. Almaniyanın Hessen əyalətinin Baş naziri Boris Rhein isə küçələrdəki zorakılıqları kəskin pisləyərək ən sərt hüquqi addımların atılacağını bəyan edib.
Digər tərəfdən, hakimiyyət təmsilçiləri gənclərin haqlı narahatlıqlarını görməzdən gəlməyin mümkün olmadığını bildirirlər. Koalisiya hökumətinin tərəfdaşı Sosial Demokratlar Partiyasının (SPD) parlament qrupunun rəhbəri Dirk Vieze “Rheinischen Post” qəzetinə açıqlamasında diqqəti əsas məsələyə yönəldib: “Gənclərin gələcəklə bağlı narahatlıqları ciddi qəbul edilməlidir.
Xüsusilə şans və təhsil bərabərliyinin çatışmaması məsələsində siyasət dərhal addım atmalıdır”. O, etirazçıların böyük əksəriyyətinin dinc şəkildə küçələrdə olduğunu vurğulayaraq, hökuməti milli təhsil sammiti keçirməyə çağırıb. Yaşıllar Partiyasının həmsədri Fransiska Brantner də zorakılıq hallarının qəbuledilməzliyini vurğulasa da, gənclərin verdiyi sosial siqnallara hökumətin mütləq cavab verməsinin vacibliyini qeyd edib.
Təhsil və etirazlar üzrə tədqiqatçı Nina Kollek isə “Tagesschau24” kanalına açıqlamasında vurğulayıb ki, Almaniyada etirazlar hələlik nisbətən dinc çərçivədə qalsa da, gənclər arasında gələcəklə bağlı inamsızlıq artmaqdadır. Fransa, İtaliya, İspaniya və Niderlandda da paralel şəkildə baş verən gənclər etirazları göstərir ki, problem təkcə Almaniya ilə məhdudlaşmır.
Avropa hökumətlərinin iqtisadi durğunluq, inflyasiya və sosial gərginlik fonunda yalnız qısamüddətli vədlərlə kifayətlənməsi idarəedənlərlə gənc nəsil arasındakı uçurumu dərinləşdirir. Bu cür etirazlar aşkar şəkildə göstərir ki, əgər Avropada sosial ədalət və gənclərin gələcəyi ilə bağlı köklü islahatlar aparılmazsa, inzibati tədbirlər uzunmüddətli sabitliyin təmin olunması üçün kifayət etməyəcək.
Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin
Источник: AZƏRTAC