Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Pekin, 1 noyabr, AZƏRTAC Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib və ilin sonuna qədər müxtəlif növ kasetli döyüş başlıqlarını silahlanmaya daxil edəcəyini bəyan edib. AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Oktyabrın 31-də baş tutan sınaq taktiki ballistik raketlərə quraşdırılacaq kasetli döyüş başlığının döyüş imkanlarını və gücünü qiymətləndirmək üçün keçirilib.
Ölkənin raket idarəsinin nəzdindəki tədqiqat institutu təsdiqləyiblər ki, "2-ci standart növ" kasetli döyüş başlığı özünün yüksək sıxlıqlı gücü ilə 12-13 hektar ərazidəki hədəf zonasını tamamilə külə çevirmək iqtidarındadır. İdarənin baş direktoru bildirib ki, il ərzində hərbi hissələrə əməliyyat məqsədlərindən və hədəflərin xüsusiyyətlərindən asılı olaraq müxtəlif növ raketlərdən istifadə imkanı yaradlılacaq.
Cənubi Koreya ordusu raket buraxılışını izlədiyini bildirərək, raketin Şimali Koreyanın şimal-qərbdəki Çonc rayonu ətrafından Yapon dənizi istiqamətində atıldığını açıqlayıb. Seulda yerləşən Koreya Müdafiə və Təhlükəsizlik Forumunun baş katibi Şin Çon-vu bildirib ki, söhbət “Hwasong-11 Ra” tipli raketdən gedir. Aprel ayında Şimali Koreya “Hwasong-11 Ra” taktiki ballistik raketinə quraşdırılmış kasetli bombaları sınaqdan keçirdiyini açıqlamışdı.
Həmin sınaq prosesini ölkə lideri Kim Çen In və qızı Cu E şəxsən izləmişdilər. Şahin Cəfərov AZƏRTAC-ın xüsusi müxbiri Pekin
Источник: AZƏRTAC