Mədəniyyət

Milli Kitabxanada “Füyuzat” jurnalı - 120” adlı kitab sərgisi təqdim olunub

AZƏRTAC ·

Bakı, 1 noyabr, AZƏRTAC Noyabrın 1-də Milli Kitabxanada “Füyuzat” jurnalı - 120” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib. AZƏRTAC xəbər verir ki, sərgidə “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti, füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri, milli ideologiyası haqqında, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.“Füyuzat” jurnalının ilk sayı 1906-cı il noyabr ayının 1-də dərc olunub.

İctimai xarakter daşıyan jurnalın il ərzində 32 sayı işıq üzü görüb. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözu olub, mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan zövq almaq deməkdir.“Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynayıb.

Maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə çap olunan jurnalın baş redaktoru Əli bəy Hüseynzadə idi. Burada dövrünün görkəmli ziyalılarından M.Hadinin, M.Ə.Sabirin, H.Cavidin, S.Səlmasinin, A.Şaiqin, Ə.Kamalın, Ə.Raiqin və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri jurnalın redaktoru Əli bəy Hüseynzadənin müvafiq tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlı olub. Əli bəy Hüseynzadənin hələ “Füyuzat”ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi “türklük, müsəlmanlıq və avropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu gün ictimai həyatımızda özünə yer tapan “azərbaycançılıq, müsəlmançılıq və müasirlik” doktrinasının yaranmasında mühüm rol oynayıb.

Əli bəy Hüseynzadənin başçılıq etdiyi “Füyuzat” jurnalı və eyni adlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərib.“Füyuzat” jurnalını Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə bərpa edib, tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirməyə başlayıb.

Artıq 15 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarında Azərbaycançılıq və Turan məfkurəsinin təbliğində əsas rol oynaması ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir.

Mənbə: AZƏRTAC

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.