Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ
Stokholm, 1 noyabr, AZƏRTAC 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Elə həmin il, Odlar diyarından minlərlə kilometr aralıda, Norveçin Mo-i-Rana şəhərində azərbaycanlı ailəsində bir qız dünyaya gəldi və ona qədim Şervin adı verildi. Bu ad gücün, qəhrəmanlığın və əbədi ruhun mənalarını daşıyır. Bu tarixlərin üst-üstə düşməsində müəyyən bir rəmzilik də var.
Azərbaycan tarix boyu çətin sınaqlardan keçərək dövlətçiliyini, milli kimliyini, dilini və mədəniyyətini müdafiə edib. Norveçdə anadan olub böyüyən azərbaycanlı Şervin Nəcəfpur da öz milli kimliyini axtarmaq və təsdiqləmək səyahətinə çıxıb. O, uzun illər ərzində moda və siyasətdən mədəni diplomatiya və sosial layihələrə qədər geniş sahələrdə fəaliyyəti oilə fərqlənib.
Baxışlarında müstəqil və maraqlarında çoxşaxəli olan Şervin azərbaycanlı kökləri ilə əlaqəni qorumağa, habelə Azərbaycan və Norveç mədəniyyətləri arasında körpü rolunu oynamağa çalışır. AZƏRTAC-a verdiyi müsahibədə “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur həyata keçirdiyi mədəniyyət layihələri, Azərbaycan ilə Norveç arasında əlaqələrin möhkəmləndirilməsi barədə danışıb. - Şervin xanım, siz modadan sosial və mədəni fəaliyyətlərə qədər müxtəlif sahələrdə çoxşaxəli fəaliyyət göstərən insansınız.
Gəlin hər şeyi bir-bir nəzərdən keçirək. Əvvəlcə modadan başlayaq. Dizayner kimi fəaliyyətiniz necə başladı?- Modaya marağım uşaqlıqdan başladı. Anam mənə tikməyi öyrətdi və bu dünyanı ilk dəfə onun vasitəsilə kəşf etdim. Tədricən modaya olan həvəsim həyatımda getdikcə daha çox özünü göstərdi. ABŞ-də orta məktəbi bitirdikdən sonra Norveçə qayıtdım və orada BI-də beynəlxalq marketinq rəhbərliyi üzrə bakalavr dərəcəsi aldım.
Daha sonra iki tanınmış norveçli dizaynerlə iki il təcrübə keçdim. Məhz bu təcrübə mənə moda dünyasına peşəkarcasına qərq olmağa və dizayner kimi daha da inkişaf etməyə imkan verdi. Artıq 16, 17 və 18 yaşlarımda Norveç kral ailəsinin üzvləri üçün geyimlər, eləcə də “Miss Universe Norway” müsabiqəsinin finalçılarından biri üçün don dizayn etdim. “Land of Our Origin” (“Əcdadlarımızın torpağı”) kolleksiyası da yaradıcılığımda xüsusi yer tutur.
Onun üzərində iş prosesində Tur Heyerdalın tədqiqatlarından və Qafqazla Skandinaviya arasındakı tarixi əlaqələrdən ilhamlanaraq Norveç ilə Türk dünyası arasındakı mədəni əlaqələri vurğulamağa çalışdım. O dövrdə fikirlərimi parçalar, rənglər, siluetlər və simvollar vasitəsilə ifadə edirdim. İndi geri baxanda başa düşürəm ki, o vaxtlar belə, sadəcə geyim yaratmaqdan daha çox şey edirdim.
Amma bəlkə də mənim üçün ən əhəmiyyətli layihə 2019-cu ildə Antalya Moda Həftəsində təqdim etdiyim “I’m a Star” kolleksiyası idi.- Niyə məhz bu layihə həyatınızda xüsusi yer tutur? Əvvəla, ona görə ki, bu, mənim üçün iki çox vacib amili - modaya və Azərbaycana olan sevgi hisslərimi birləşdirməyə imkan verdi. Həmişə inanmışam ki, moda təkcə geyim yaratmaq sənəti deyil, həm də hekayə danışmaq vasitəsidir.
Buna görə də beynəlxalq moda səhnəsindən istifadə edərək beynəlxalq diqqəti o vaxtlar işğal olunmuş Azərbaycanın ərazilərinə və doğma yurdlarına qayıtmaq arzusunda olan insanların taleyinə yönəltməyə çalışdım. Modellər hər dəfə podiuma çıxdıqda, arxa planda tematik mesajlar görünürdü. Bunların arasında “I’m a Star in Karabakh”, Leyla Əliyevanın “Mən evimə, Qarabağa qayıtmaq istəyirəm” sözləri və Azərbaycana həsr olunmuş digər müraciətlər var idi.
Bu moda nümayişindən sonra həyatım sanki bir gecədə dəyişdi. Bir anda özümü Azərbaycan və Türkiyə mediasının diqqət mərkəzində tapdım. Elə ertəsi gün səhər çoxsaylı təbrik zəngləri və mesajları almağa başladım. Çoxları mənim layihəmi cəsarətli və fövqəladə addım kimi qiymətləndirdi. Əvvəllər mənə bağlı görünən qapılar bir anda açılmağa başladı. Lakin bu tanınma ilə yanaşı, şayiələr və anlaşılmazlıqlar da gəldi.
Hətta bəzi insanlar layihəmi maliyyələşdirənlərin özləri olduğunu iddia edərək müsahibələr verirdilər. Amma bu, yalan idi. Lap əvvəldən arzularımın gerçək olacağına inanan və mənə dəstək verən, o cümlədən maliyyələşdirən atam Atabəy oldu. Buna görə də tez-tez zarafatla deyirəm ki, bütün layihələrim “Atabəy Fondu” tərəfindən maliyyələşdirilib. Etiraf edim ki, belə geniş rezonansın olacağını heç gözləmirdim.
Öz gücümlə yaratdığım layihənin bu qədər geniş ictimai reaksiya doğuracağını təsəvvür edə bilməzdim. Medianın marağı bir neçə həftə davam etdi. Bir neçə gün ərzində televiziya kanallarına və xəbər agentliklərinə ümumilikdə 21 müsahibə verdim. Yorğun və əsəbi idim, emosiyalara qərq olmuşdum, amma ən əsası, dərin minnətdarlıq hiss edirdim. Moda nümayişindən cəmi iki həftə sonra ən əziz arzularımdan birini gerçəkləşdirmək - Qarabağı ilk dəfə ziyarət etmək üçün artıq Bakıya uçurdum.- Deməli, xəyalınız gerçəkləşib?- Həqiqətən də gerçəkləşib!
Milli Məclisin deputatı Qənirə Paşayeva və nümayəndə heyətinin digər üzvləri ilə birlikdə Novruz bayramını evlərinə qayıdan hərbçilər və ailələrlə qeyd etmək üçün Çocuq Mərcanlı kəndinə getdik. 2019-cu ildə kənd təmas xəttinə çox yaxın yerdə yerləşirdi, ona görə də bizi hərbçilər müşayiət edirdi. Bu səfər həyatımın ən mühüm hadisələrindən birinə çevrildi.
Kənd məktəbinin ərazisində təşkil edilən bayram tədbirlərindən sonra əvvəllər evlərini tərk etməyə məcbur olmuş bir neçə ailəni ziyarət etmək şansım oldu. Bu insanların səmimiyyəti, xeyirxahlığı və qonaqpərvərliyi məndə çox böyük təəssürat doğurdu. Onlar məni elə mehribanlıqla qarşıladılar ki, sanki bir-birimizi çoxdan tanıyırdıq; qucaqlayır, təşəkkürlərini bildirir və mənim üçün dua edirdilər.
Məni çay və evdə hazırlanmış şirniyyatlarla qarşıladılar, ən yaxşı yeməklərini gətirdilər və həyat hekayələrini bölüşdülər. Onları dinləyərkən göz yaşlarımı saxlaya bilmədim. Təsəvvür edin ki, Norveçdə doğulub böyüyən, müharibənin dəhşətlərini heç vaxt görməmiş, evini itirməmiş və ya məcburi köçkün həyatı yaşamamış bir qız bütün bunları yaşamış insanların yanında oturub.
Sadəcə, dünyaya onların taleyi, doğma yurdlarına olan həsrəti və qayıtmaq ümidi barədə danışmağa çalışdığım üçün onlar məni doğma adamları kimi qarşıladılar. Bu görüşlər zamanı məndən bir şeyi - Qarabağ haqqında danışmağa davam etməyimi istədilər. Mən vədimə əməl etdim. Sonrakı illərdə Qarabağa həsr olunmuş bir sıra layihələr həyata keçirdim. Bunların arasında Oslonun mərkəzində 200 reklam lövhəsinin yerləşdirildiyi ikihəftəlik məlumatlandırma kampaniyası, eləcə də Qarabağın zəngin irsinin təbliğinə yönəlmiş mədəni gecələr var idi.
Bu müddət ərzində onun sakinləri ilə görüşlərimin xatirələrini, onların hekayələrini, minnətdarlıq ifadə edən sözlərini və dualarını xatırlayırdım. Qarabağa Böyük Qayıdış mövzusu fəaliyyətimin mühüm istiqamətinə çevrildi. - Şervin xanım, siz həm də “CAN” diaspor təşkilatına rəhbərlik edirsiniz. Onun təsis edilməsi ideyası necə yarandı və illər ərzində hansı layihələri həyata keçirmisiniz?- Mən “CAN” diaspor təşkilatını 2018-ci ildə təsis etmişəm.
Lap əvvəldən həmvətənlər birliyindən daha geniş təşkilat yaratmaq istəyirdim. Məqsədim mədəni körpülər qurmaq, təkcə Azərbaycan mədəniyyəti haqqında deyil, həm də İpək Yolunun zəngin irsi haqqında məlumat əldə etmək üçün məkan açmaq idi. İnsanların əsasən həmvətənləri ilə toplaşdığı ənənəvi diaspor görüşləri formatından kənara çıxmağa çalışdım. Əsl mədəni dialoq üçün imkanlar yaratmaq, insanlarla Norveçin aparıcı mədəniyyət müəssisələri arasında əlaqələr qurmaq istəyirdim.
İllər ərzində “CAN” bir çox maraqlı layihə həyata keçirə bilib. Bu gün qürurla deyə bilərəm ki, səylərimiz öz bəhrəsini verib. Biz Norveçdəki nüfuzlu mədəniyyət müəssisələri ilə əməkdaşlıq edirik, mötəbər tədbirlərə dəvət alırıq və müxtəlif layihələrdə tərəfdaşlıq təklif edirik. Bu, mənim üçün xüsusilə dəyərlidir, çünki fəaliyyətimizin tanındığını və onun ölkənin mədəni həyatının bir hissəsinə çevrildiyini göstərir.
Mənim üçün ən əhəmiyyətli layihələrdən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə və onun məşhur norveçli səyyah və tədqiqatçı Tur Heyerdal ilə səmimi dostluğuna həsr olunmuş sərgi idi. Sərgi böyük maraq doğurdu və açılış mərasiminə həmin vaxt Oslonun meri olan Marianne Borqen ev sahibliyi etdi. Ürəyimdə xüsusi yer tutan digər bir layihə Əməkdar artist Bəhram Bağırzadə ilə birgə həyata keçirilən “Cırtdan Osloda” kitabıdır.
Onun ideyası Azərbaycan xalq nağıllarının sevimli qəhrəmanını Norveç mədəniyyət səhnəsinə tanıtmaq idi. Mənim üçün bu, sadəcə Cırtdanı Norveç ictimaiyyətinə tanıtmaqdan daha çox şeydir. Bu, uşaqlıq illəri, xatirə, mədəni köklər və mənsubiyyət hissi haqqında hekayədir. Norveçdə böyüyən və qəfildən valideynlərinin mədəniyyətindən tanış bir nağıl personajı ilə qarşılaşan bir uşağı təsəvvür edin.
Bəlkə də məhz həmin anda o, ilk dəfə mədəni irsin də ətraf dünyada yer tutduğunu anlayır. İnanıram ki, uşaqlar valideynlərinin mədəniyyətini tanımaq və sevmək imkanına malik olmalıdırlar. Onlar əcdadlarının vətəni ilə böyüdükləri və özlərini evdəki kimi hiss etdikləri ölkə arasında seçim etmək məcburiyyətində qalmamalıdırlar. Əksinə, hər iki mədəniyyətin ahəngdar şəkildə bir arada yaşaya və kimliklərinin ayrılmaz bir hissəsi ola biləcəyini başa düşmələri vacibdir.
Buna görə də mən “Cırtdan Osloda” kitabını təkcə əhəmiyyətli deyil, həm də müəyyən mənada tarixi layihə hesab edirəm. Eyni fikirləri Norveçdəki “Bakı” avtobus dayanacağı haqqında da söyləmək olar. İlk baxışdan, adi bir avtobus dayanacağıdır, amma “Bakı” adını daşıyır və bunun sayəsində Azərbaycanın kiçik parçası Norveç mənzərəsinin bir hissəsinə çevrilir.
Kimlərsə hər gün onun yanından piyada və ya maşınla keçir, amma adına belə fikir vermirlər. Bəziləri isə bir gün dayanıb “Bura niyə Bakı adlanır? Bu adın arxasındakı hekayə nədir?” deyə düşünə bilərlər. Məhz belə sadə maraqla başqa bir mədəniyyətlə tanışlığımız başlayır. Beləliklə, ölkələrimiz arasında başqa bir körpü yaranır. Məncə, bu, mədəni diplomatiyanın xüsusi gözəlliyidir.
Onun mütləq mərasim zallarında və ya rəsmi görüşlərdə təzahür etməsi vacib deyil. Bəzən onun aləti rəsm, bəzi hallarda isə mahnı, uşaq kitabı və ya moda kolleksiyası olur. Bəzən isə Norveçdəki sadə bir yol nişanı belə ola billər. Bəlkə də buna görə mədəni körpülərin qurulması mənim həyatımın əsas amalına çevrilib. Axı, dünyada hələ də danışılmamış çoxlu hekayə, hələ bir-biri ilə görüşməmiş xeyli sayda insan və hələ də kəşfini gözləyən mədəni əlaqələr var.
Mən Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm.- Şervin xanım, maraqlı söhbətiniz üçün təşəkkür edirəm və gələcək layihələrinizin həyata keçirilməsində sizə uğurlar arzulayıram.- Təşəkkür edirəm. Söhbətimizin yekununda daha bir səmimi arzumu bildirmək istəyirəm. Çox istərdim ki, Azərbaycandan daha çox sponsor xaricdə aparılan mədəni işlərin dəyərini qəbul etsin və uzunmüddətli təsir göstərə biləcək unikal layihələri dəstəkləsin.
Prezident İlham Əliyev dəfələrlə mədəni diplomatiyanın və xaricdə ana dilinin qorunmasının vacibliyini vurğulayıb. Bu kontekstdə xaricdə həyata keçirilən mədəni təşəbbüslərin dəstəklənməsinin vacibliyini xüsusi vurğulamaq istərdim. Əminəm ki, bu cür layihələrə investisiya qoymaq mədəni əlaqələrin möhkəmlənməsinə və gələcək nəsillər üçün dəyərli bir miras yaratmağa kömək edir.
Ən əsası isə, bu sözlərimi gələcək nəslə çatdırmaq istərdim: əcdadlarınızın torpağında doğulmaq onun tarixinin bir hissəsi olmağın vacib şərti deyil. Nərgiz Cəfərli AZƏRTAC-ın xüsusi müxbiri Stokholm
Mənbə: AZƏRTAC