Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC "Azərbaycan Dəmir Yolları" QSC (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reysin icrasına başlayıb. AZƏRTAC xəbər verir ki, reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılıb.
Bu isə təxminən 50 faiz artım deməkdir. Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb. Yeni reyslərin istifadəyə verilməsi sərnişinlərə daha aşağı büdcəli səyahət imkanları yaradır. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 manatdan başlayır. Yeni aşağı büdcəli səyahət seçimi sayəsində sərnişinlər biletləri 30 faiz daha ucuz qiymətə əldə edə bilirlər.
Marşrut üzrə bir istiqamətə minimum gediş haqqı Bakıdan Tbilisiyə 54, Yevlaxdan 44, Gəncədən 41, Ağstafadan 38, Böyük Kəsikdən Tbilisiyə isə 36 manat təşkil edir. Müqayisə üçün qeyd edək ki, Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50, Gəncədən isə 56,80 manatdır. Əlavə reyslər sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim edir.
Bununla da sərnişinlər Bakı-Tbilisi-Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə bilirlər. Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı-Tbilisi-Bakı qatarı paytaxtdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalına çatacaq. Yeni reys üzrə qatar isə hər gün Bakıdan saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq.
Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq. Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzun müddət davam edən birgə hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra mümkün olub. ADY beynəlxalq sərnişindaşımada xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması, eləcə də artan tələbatın qarşılanması istiqamətində tədbirləri davam etdirəcək.
Müxbir - Vüqar Qurbanoğlu Videooperator - Vüsal Taqiyev
Mənbə: AZƏRTAC